Təməlində dostluğun və doğmalığın dayandığı ailə
A A A
02/23/2018
Oxunma sayısı : 43661


Ayaz Hüseynov: “Tanışlığımızdan 3-4 ay sonra hər şeyi ona danışdım, problemimin gələcəkdə hansı fəsadlarının ola biləcəyi haqqında məlumat verdim” 

Mədinə Hüseynova: "Geri çəkilməyi heç fikirləşmədim, əksinə, hər zaman onun yanında olacağıma dair  özümə söz verdim”

Sevib ailə qurublar, amma münasibətlərin uzunömürlü olması üçün tək sevginin yetərli olmadığını düşünürlər. Həm də dost olmağı hələ lap əvvəldən özlərinə təlqin ediblər. Lakin bununla belə, düşünürlər ki, dostluqdan da o tərəfə doğmalığın da olması önəmlidir. Ailələrində bunların cəmləşdirdiklərini deyən müsahiblərim, birinci təhsili stomatoloq, ikincisi hüquq olan Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru, Pasient Təşkilatları İttifaqının prezidenti Ayaz Hüseynov və həyat yoldaşı Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının qadınlarla iş üzrə koordinatoru Mədinə Hüseynovadır.

"İkinci kursdan sevgili olduq”

Eyni universitetdə, fərqli fakültələrdə təhsil alıblar. Ayaz Mədinəni görüb, bəyənsə də, ürəyini ona açmaq üçün bir müddət gözləyir. Lakin "hə” cavabı almaq da elə asan başa gəlmir: "Fikrimi tam dəqiqləşdirənə qədər xeyli vaxt kənardan müşahidə etdim. Xoş bir insan olduğuna görə diqqətimi cəlb etdi. Anamla Mədinənin oxşarlığı var. Onlar bir yerdə gəzəndə hamı elə bilir ki, gəlini yox, qızıdır. Ola bilər ki, mən onun simasında hardasa bir doğmalıq görürdüm. İlk dəfə ona yaxınlaşıb dostluq təklifimə razılıq almağım 3 aya yaxın vaxt apardı. İkinci kursdan sevgili olduq, onda 18 yaşım var idi. Bir il sonra nişanlandıq, bir il sonra isə evləndik. 20 yaşımda ailə qurdum”.
Ayazın yaxınlaşıb ona fikrini deməsi Mədinənin heç də xoşuna gəlməyib, amma zamanla onun fikri dəyişib: "Sonra onun hərəkətlərinə fikir verməyə başladım. Dəliqanlı, çox ciddi bir gənc idi. Bu, mənim xoşuma gəldi. 3-4 ay ərzində bu fikrə gəldim. Razılıq verib, ünsiyyət qurandan sonra gördüm ki, yaşından böyük düşüncələri, dünyagörüşü var. Ona görə də, yavaş-yavaş əlaqəmizi qurmağa başladıq”.

  "3-4 ay sonra hər şeyi ona danışdım”

Ayaz hemofiliya xəstəsi olmağı ilə bağlı 3-4 ay Mədinəyə heç nə demir. Bir gün görüşəndə ona hemofiliya ilə bağlı bir jurnal verir, deyir ki, yazılanları dəqiq oxusun, sonra onunla söhbəti olacaq: "Jurnalda bir məktub var idi. Anası Gülnarə xanım Ayaz balaca olanda, çətin anlarında yazıbmış. Məktubu oxuyanda çox kövrəldim, pis oldum. Sonra Ayaz artıq öz problemini danışdı. Bu, mənim üçün normal idi. Geri çəkilməyi heç fikirləşmədim, əksinə, hər zaman onun yanında olacağıma dair özümə söz verdim. Bu haqda ailəmizə də dedim. Onlar da araşdırdılar. Dedilər ki, qızım bu, sənin seçimindir, Ayaz da yaxşı oğlandır”.
Ayaz deyir ki, xəstəliyi ilə bağlı Mədinəyə detallı məlumat verib və qarşı tərəf bunu adi hal kimi qəbul edib: "Tanışlığımızdan 3-4 ay sonra hər şeyi ona danışdım, problemimin gələcəkdə hansı fəsadlarının ola biləcəyi haqqında məlumat verdim. Hemofiliya elə bir xəstəlikdir ki, onların uşaqları sağlam doğulur. Hemofiliyanın qızı genetik şəkildə daşıyıcı olur. Mənim bir oğlum, bir qızım var. Qızım daşıyıcıdır, amma tam sağlamdır. Sadəcə olaraq, belə bir ehtimal var ki, qızımın oğlu olsa, onda bu problem təkrarlana bilər. Amma uşaqlar mütləq şəkildə sağlam doğulur. Bunların hamısını mən əvvəlcədən ona başa salmışdım. O da bunu çox sakit, təmkinli şəkildə qəbul etdi və burda elə bir problem görmədiyini dedi”.
Bəs niyə Ayaz bu haqda 3-4 ay ərzində danışmayıb? Bəlkə, qarşı tərəfin qəbul etməyəcəyini düşünüb? O, belə bir qorxusunun olmadığını dilə gətirdi: "Yox, qorxmurdum, fikirləşirdim ki, qoy məni tam olaraq tanısın, xasiyyətimi, necə bir insan olduğumu bilsin, sonra deyim və o da seçimini etsin”. 


"... bir az deyingəndir”

Və onlar ailə qururlar. Deyirlər ki, evliliyə qədər bir-birlərini çox yaxşı tanıdıqları üçün sonradan qarşı tərəfdə hər hansı bir xüsusiyyət kəşf etməyiblər. Ayaz Mədinənin ailəcanlı, uşaqların tərbiyəsində canını qoyan xanım olduğunu deyir. Bildirir ki, Mədinənin mənfi cəhəti varsa da, nəzərə çarpmayan xırda şeylər ola bilər.
Amma Mədinə həyat yoldaşının mənfi tərəfini bizimlə bölüşdü: "Toydan əvvəl bizim səmimi münasibətimiz olub, bir-birimizdən demək olar ki, heç nəyi gizlətmirdik, nəyisə deməkdən çəkinmirdik. Evlənəndən sonra Ayazın yaxşı cəhətlərini gördüm – ailəcanlıdır, diqqətcildir. Onun anasına münasibətinə demək olar ki, heyranam. Anasını çox istəyir və ona görə hər şey edir. Bir pis xasiyyətini deyim ki, bir az deyingəndir (gülür). Bilirəm ki, nə deyirsə, mənim xeyrimə deyir. Gəzməyi sevir. Vaxtı olan kimi uşaqları gəzməyə aparırıq”.
 
"Daha çox işləməyə başladım ki, əlim pula çatsın”

Ailə quranda, Ayazla Mədinənin 20 yaşı olur. Onlar tez ailə qurduqları üçün qətiyyən peşman deyillər. Ayaz deyir ki, tez evlənən insan vaxt baxımından udur. Mən hardasa 20 il qabağa baxırdım. Düşünürdüm ki, tez uşağım olar, onu böyüdərəm, tərbiyəsinə fikir verərəm. Düşünürəm ki, insan nə qədər tez ailə qursa, bir o qədər yaxşıdır. Bilirsiniz, çətinliklər hər zaman olur, mən 20 yaşımda necə idimsə, üstündən 9 il keçsə də, demək olar ki, eyniyəm. Düzdür, 9 il ərzində müəyyən işlərim, maddi durumum düzəlib. Heç kimin hər şeyi birdən əlində olmur, yavaş-yavaş qaydasına salmaq lazımdır. Mən stomatologiya fakültəsini bitirmişəm, ikinci kursdan işləməyə başlamışam. Əlbəttə ki, çətinliklər olur. Əsas da, uşaq olandan sonra. 21 yaşımda artıq atalıq məsuliyyətimi dərk etdim. Uşaq böyütmək çətin və məsuliyyətlidir. Ona görə, daha çox işləməyə başladım ki, əlim pula çatsın. Amma valideynimin də dəstəyi olub”.
Mədinə deyir ki, Ayazın 20 yaşı olsa da, ailə məsuliyyətini üzərinə götürdüyünü yaxşı anlayırdı və bunun üçün də daha çox işləyirdi: "Ailə qurandan sonra mən işləmədim, dedi ki, sən uşaqlarla məşğul ol, mən hər şeyi özüm idarə edəcəyəm. Artıq uşaqlarımız böyüyüb, oğlanın 8, qızın 6 yaşı var. İki ildir ki, Ayazla təşkilatda işləməyə başlamışam”.
 
"Sevgili günümüz tanış olduğumuz tarix - 18 apreldir”

Mədinənin sözlərinə görə, Ayaz fikri dağınıq olduğu üçün əvvəllər özəl günləri yadından çıxarırmış. Amma o, bunun da həlli yolunu tapıb: "Uşaqların, mənim doğum günüm, toy ildönümümüz əvvəllər yadından çıxırdı. Sonra tez-tez soruşub test edirdim. Təkrarladıqca, artıq yaddaşına həkk olundu (gülür). Çox diqqətcil adamdır, 8  Martda evdəki bütün qadınlara mütləq hədiyyə alır. Başqa sevgililər gününü qeyd etmirik. Bizim öz sevgili günümüz tanış olduğumuz tarix – 18 apreldir. Həmin günü qeyd edirik”.
"Yumurtanı qurudacaq, istədiyim kimi etməyəcək”
Gələk xanımın mətbəxdə əl qabiliyyəti məsələsinə. Çünki fikir versək, görərik ki, xanımlar nə qədər gözəl yemək bişirsələr də, kişilərin narazı qaldıqları məqam yenə tapılır. Elə Ayazı da razı salmayan xırda detallar var: "Bu neçə ildə istədiyim kimi yumurta və kartof qızartmağı ona başa sala bilmədim. Amma çox dadlı aş dəmləyir, dolma, dovğa, ləvəngi bişirir. Çətin yeməkləri əla bacarır. Amma adi səhər yeməyində yumurtanı qurudacaq, istədiyim kimi etməyəcək”.
Mədinə həyat yoldaşının kartof, yumurta məsələsində kaprizli olduğunu, bu xarakterinin oğluna da keçdiyini deyir: "Əslində, Ayaz bir az kaprizlidir. Yumurta, kartof qızartması məndə onun dediyi kimi alınmır. İndi də, oğlumuz mənimlə yumurta söhbətini edir. Hətta atasının digər deyingənlikləri də ona keçir. Bir də xəmir xörəklərini bacarmıram. Bəlkə də, axır vaxtlar başım işə çox qarışır, ona görə baş qoşmuram. İnşallah onları da bacararam”.
Xanımı, işi çox olduğu üçün Ayazı ev işləri ilə yormaq istəmədiyini desə də, arada ev işlərində də köməyini əsirgəmədiyini deyir: "Hələ uşaqlar körpə olanda onları yatızdırmağa kömək edirdi. Əgər mən məşğulamsa, evi tozsoranla təmizləyə də bilər. Gözəl əl qabiliyyəti var, arada özü nəsə bişirmək istəyir, nələrsə fikirləşir. Lakin iş qrafiki o qədər sıxdır ki, ondan nəsə istəməyə qıymıram. Artıq uşaqlar böyüyür. Qızım mənə kömək edir”.
 

"Deyirlər ki, sizin evdə sakitlik, hüzur var”
 
Deyirlər ki, hər ailədə olduğu kimi onların da mübahisələri olur, amma bu, uzunmüddətli küsülülüyə gətirib çıxaracaq dərəcədə olmur. Ayaz bu mübahisələrin çoxunun özünün deyingənliyi ucbatından yarandığını etiraf edir: "Məndə bir xasiyyət var ki, çox xırda məsələlərə görə çox deyinirəm. Düºünürəm ki, bizim ailədə mən odam, Mədinə xanım su. Mən odam, hər şeydə səhv tuturam,  əsəbiləşirəm, deyinirəm, Mədinə xanım da sudur, maksimum şəkildə məni sakitləşdirməyə çalışır.
Mən hələ nişanlı olan vaxtlarımızdan Mədinəyə deyirdim ki, biz gərək sevgilidən çox dost olaq. Dostluq olandan sonra insan bir-birini başa düşəcək, hər şey yaxşı olacaq, məsləhət edəcək. Təkcə sevgi, münasibəti davam etdirmək üçün kifayət etməyə bilər. Bu gün sevgi var, sabah müəyyən qədər azala bilər. Yaxud sevgi artar, qısqanclıq əmələ gələ bilər. Bizim sevgimizin önündə dostluq durduğu üçün bir-birimizi başa düşürük. Çalışırıq ki, evin, ocağın ab-havasını, sakitliyini qoruyaq. Gələn qonaqlar deyirlər ki, sizin evdə sakitlik, hüzur var, insan burda ruhən istirahət edir”.

Doğmalıq

Bütün bunlarla yanaşı, ailəni möhkəm saxlayan qüvvənin doğmalıq olduğunu bildirdilər. Mədinə deyir ki, tək həyat yoldaşı, sevgili yox, doğma, yaxın insan olmağı bacarmaq lazımdır: "Onda ailə möhkəm olur, bir-birimizi başa düşürük. Hərdən mübahisələrimiz olur, amma tez barışırıq. Cavanlara da məsləhətim odur ki, dost olsunlar. Biz dost kimi danışıb, gülə bilərik. Ona görə, bir-birimizi başa da düşməliyik”.
Ayaz deyir ki, bir-birləri ilə ediləcək o qədər söhbətləri var ki: "Axşam işdən gələndə nə qədər yorğun olsaq da, bir-birimizdən yorulmuruq. Söhbət edirik, işdən danışırıq. Məsləhət verir ki, bunu belə etsən daha yaxşı olar. Sevgi də var, amma sevgi ilə yanaşı, dostluq da önəmlidir. Artıq dostluqdan da o yana aramızda doğmalıq var”.

"Onları vətənpərvər, dünyagörüşlü böyütməyə çalışırıq”

Murad və Fidan adında iki övladları da var. Uşaqlar daha çox analarının yanında olsalar da, tərbiyələri ilə hər ikisi məşğul olur. Ayaz uşaqlarla nə qədər deyib-gülsə də, müəyyən qədər ciddiliyi də var: "Mən uşaqlarla həm də ciddiyəm. Evdə olanda uşaqlar daha sakit olurlar. Ya nə isə bir səhv hərəkət edirlərsə, bir dəfə söz deməyim kifayətdir ki, sakitləşsinlər. Amma valideyn kimi üzərimizə düşən, gələcəkləri ilə bağlı lazım olan hər bir şeyə - təhsillərinə, sağlamlıqlarına daim diqqət edirik”.
Mədinə bildirdi ki, uşaqları cəmiyyət üçün sağlam bir vətəndaş kimi yetişdirmək önəmlidir: "Onları vətənpərvər, dünyagörüşlü böyütməyə çalışırıq. Teatrlara aparırıq. Hemofiliya ilə bağlı tədbirlərimizdə uşaqlarımız da çıxış edirlər. Uşaqların ictimai həyatda aktiv olmaları da önəmlidir. Gələcəkdə onlar ölkəmizi təmsil edə, layiqli vətəndaş ola bilərlər”.
 
Aygün Asimqızı

ŞƏRHLƏR
XƏBƏRLƏR
Günel Səfərova: “Amerikada insan hüquqları təkcə qanun deyil, həm də bir mədəniyyətdir” - 18 / 11 / 2018 18:55
Layihə çərçivəsində QHT-lər üçün Mühasibat Uçotunun aparılması qaydaları hazırlanıb - 18 / 11 / 2018 12:54
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir - 18 / 11 / 2018 11:44
Mirhəsən Seyidov: "Uğurlu inkişafın istiqamətlərində duran ən əsas insanlardan biri gənclərdir" - 16 / 11 / 2018 19:22
QHT sədri Qazaxıstanda beynəlxalq konfransda iştirak edəcək - 16 / 11 / 2018 12:59
Şuranın elan etdiyi 2019-cu il birinci qrant müsabiqəsi ilə bağlı ARB TV-də müzakirə aparılıb - 16 / 11 / 2018 04:59
QHT Sağlamlıq imkanları məhdud şəxslərlə davranış qaydaları mövzusunda təlimlərinə start verdi - 15 / 11 / 2018 16:08
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2018 13:22
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib - 15 / 11 / 2018 04:00
Murad Məmmədovun həyat dərsi - "Stand up" - 14 / 11 / 2018 18:26
"Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsindən QHT-lərə ayrılan vəsait artırılacaq" – Niyaməddin Orduxanlı - 14 / 11 / 2018 14:39
Sahib Məmmədov: Bizdə xarici fəaliyyət uçun resurs çatmır - 14 / 11 / 2018 14:36
Əliməmməd Nuriyev: Qrantlara ehtiyac var. - 14 / 11 / 2018 14:23
“Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır” - QHT sədrləri də danışdılar - 14 / 11 / 2018 14:15
Şuranın mobil tətbiqetməsi istifadəyə verilib - 14 / 11 / 2018 14:04
Şuranın dəstəyilə təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanları” adlı foto-guşələr yaradılıb - 14 / 11 / 2018 10:12
MP: Azerbaijani NGOs need financial support - 14 / 11 / 2018 08:15
Азай Kулиев: НПО Азербайджана необходима финансовая поддержка - 14 / 11 / 2018 08:14
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 17:48
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55